Ərdəbilin imam-cüməsi Seyyid Həsən Amili ötən həftənin cümə günü cümə xütbəsində Xocalı ilə bağlı çıxış edib.
İslam-Azeri.az internet qəzetinin "Aran” İnformasiya Agentliyinə istinadən verdiyi xəbərə görə İranın Ərdəbil şəhərinin imam-cüməsi Hüccətül-islam vəl-müslimin Seyyid Həsən Amili ötən həftənin cümə günü cümə xütbəsində Xocalı ilə bağlı çıxış edib.
O bu faciəilə bağlı həmçinin erməni terroruna işarə edərək deyib: "1992-ci ildə Ermənistan Qarabağa təcavüz etdi. Qarabağda Xocalı adlı bir şəhər var idi. Erməni hücumları nəticəsində bu şəhərin 3 minlik müsəlman əhalisi mühasirəyə düşdü. Ermənilər hər tərəfi bağlayıb, qaçmaq üçün yalnız bir yol açıq saxladılar. Xocalılılar da bu yoldan qaçmaq istədilər, qəfildən ermənilər hücum edib, onlara qarşı qətliam həyata keçirdilər. Ermənilər Xocalıda uşaq, qadın və qocalara qarşı vəhşiliklə böyük bir cinayət törətdilər. Bu insanların hamısı bizim namusumuz idilər! Onların hamısı şiə müsəlmanları idilər. Xocalı faciəsi yalnız milli və regional dərd deyil, bu, bütövlükdə İslam dərdidir. Orada İslamın müqəddəs dəyərlərinə, məscidlərə qarşı təhqiramiz cinayətlər gərçəkləşdirildi, uşaqlar qətliama məruz qaldı. Şəhəri hər tərəfdən topa tutdular. Şəhəri alov bürüdü, bütün əhali qətlə yetirildi və bir hissəsi əsir düşdü. Az bir hissəsi də dağlara qaçdı. Amma dağlara qaçanlar da öldülər. Bir çoxları itkin düşdü və bilinmədi ki, onların başına hansı bəlalar gətirildi”.
İmam-cümə bu soyqırımın planının Qərbdə yazıldığını bildirərək deyib: "Bu hadisələr haradan başlayır? Bu elə ABŞ-la İsrailin planlarıdır. Bununla bölgəmizdə "zərrə” bir dövlət qurmaq istədilər. Yəni, kiçicik bir dövlət. Kiçik dövlət isə böyük dövlətə bağlı olmalı, ona itaət etməlidir. Ona itaət etdikdə isə, onun diktəsilə dostuyla dost, düşmənilə düşmən olacaq. Kiçik dövlət olduğundan, təhlükəsizliyinə, ərazi bütövlüyünə görə qorxur və ona görə də təbii olaraq daha güclü dövlətə sarılır. Beynəlxaq sistem də elə bunu istəyir. Bununla İranın qonşuluğunda bir İsrail yaratmaq istədilər. İlkin olaraq ABŞ İranı sancdı. Azərbaycanın dövlət xadimləri nəyi söylədiyimi anlayırlar. Elə etdilər ki, hadisələrin içində olan İranı proseslərdən kənarlaşdırsınlar. İndi hətta Türkiyə də bu nəticəyə gəlib ki, Azərbaycandan nəyisə gözləmək yersizdir. Nəhayət Türkiyə də İranın gəldiyi qənaətə gəldi. Elə etdilər ki, Türkiyə də, İran da hadisələrdən kənarda qalsın və Azərbaycan bu ölkələrə yaxınlaşmasın. Bu elə ABŞ-la İsrailin işidir, onlar bölgədə kiçik İsrail yaradırlar. Bizim Kürdüstan bölgəsində İrana qarşı əlinə silah alıb savaşanlar Qarabağda hərbi təlim keçib, gəlirlər və İrana qarşı savaşırlar. İsrail də elə bunu istəyir! İnsanlar pərdə arxasında nələrin baş verdiyindən xəbərsizdirlər. Bəs nə etməli? Əvvəl görüləcək iş budur ki, Azərbaycan İslam dünyasının potensial imkanlarından faydalansın. Amma bunun əvəzinə, İsraili Azərbaycana gətirib, milyard yarımlıq müsəlman dünyasını özündən küsdürür. İkinci iş budur ki, Azərbaycanın özü addım atsın və qolunu çirmələyib, işə keçsin. Deyir, mən ya gərək Rusiyaya üz tutam, ya da Amerikaya. Gərək dünyanın ən güclü lobbisini tapıb, ona sığınam. Ən güclü lobbisi isə sionistlərin lobbisidir. İndi də görürük ki, gündə bir israilli Azərbaycana gəlir və bunlar da deyir ki, guya İsrail Qarabağı alıb, bizə verəcək. İsraili çəkib, meydana gətirdilər. Deyirlər, gərək biz bunlara sığınıb, Qərb dünyasının dəstəyini qazanaq, onların mədəniyyətini də mənimsəyək. Bu, böyük bir təhlükə idi ki, Azərbaycan özünü bu təhlükənin içinə atdı. Qarabağın azad edilməsinin yalnız bir yolu var, o da Aşura məktəbindən dərs alan gənclərdir! Məhz belə cavanlar Qarabağı azad etməyə qadirdirlər. ABŞ-la İsrail də elə bu gənclərdən qorxur. Bu qorxunun həddi-hüdudu yoxdur. Mən Bakıda olarkən, belə gənclərlə görüşmüşəm. Onlar İmam-Zamana (ə) aid rəvayət edilən şücaət sifətlərinə malikdirlər. Bu gənclər şirdən də şücaətlidirlər, qorxunun nə olduğunu bilmirlər. Onlara meydan versələr, Qarabağ nədir, İrəvanı da göz qırpımında alarlar. Azərbaycanın milli hakimiyyəti, müstəqilliyi və ərazi bütövlüyü məhz bunların əlindədir. Nəinki qumarbazların, içki içənlərin, çalıb-oxuyanların. Gördük necə bu içki içənlər azəri cənazələrini satdılar. Bu qumarbazlar və kazino adamları rüşvət və korrupsiyaya qurşanıb, Azərbaycan torpaqlarını ermənilərə satdılar. Amma Azərbaycan bu sərvətin, bu kapitalın, bu gənclərin qədrini bilmir, onların başına vurub, onları əzir. Səfər ayının 28-i, Həzrət Peyğəmbərin (s) vəfatı günü bu gənclər küçəyə çıxıb, sinə vururdular. Bu işi Türkiyədə də, Avropada da, hətta ən laik ölkələrdə də edirlər. Bəs Azərbaycan bu dəstədən niyə uzaq düşməlidir ki? Axı bunların nəyindən qorxursunuz? Hamıdan çox ermənilər sevinir ki, belə gəncləri Azərbaycan dövləti əzir. Çünki ermənilər belə gənclərdən qorxurlar. Hamıdan da çox İsrail buna sevinir. Azərbaycanın qurtuluşu məhz belə gənclərin əlindədir, 20 ildir şüar verib, hətta bircə qarış torpağını da azad edə bilməyən dünyəvilərin yox.”
|