Bidiyiniz kimi Allah-Təala bəşərin kamilliyə və səadətə çatması üçün bir çox vasitələr yaratmışdır. Lakin Allah-Təala insanların öz içlərindən onun əmr, göstəriş, qadağalarını çatdıran peyğəmbərlər seçməsi onun əsas missiyalarındandır. Bəli Allah-Təala 124000 peyğəmbər təyin etməsi bunu söyləməyə əsas verir. Bəşərin peyğəmbərlərə ehtiyacı Allah-Təala öz kamil qüdrəti ilə heç nəyə ehtiyacı olmadan varlıq aləmini və buradakı çeşidli məxluqatı yaratmış, onları öz saysız-hesabsız nemətləri ilə təmin etmişdir. İnsan və hər bir yaradılan, canlı və cansız aləm ilk yaranış günündən öz həyatının sonunadək Allahın nəzarəti ilə hər biri öz nizam və düzəni ilə müəyyən bir məqsədə doğru hidayət olunur və hərəkət edir. Hər bir varlıq nümunəsi bütün mərhələlərdə Allahın yardım və inayətindən bəhrələnir. Əgər təkcə öz yaşayışımızın müxtəlif mərhələlərini diqqətlə izləsək - yəni südəmər uşaqlıq dövrü, uşaqlıq, yeniyetmə çağı, gənclik, yetkinlik və qocalıq çağlarını nəzərdən keçirsək, öz vicdanımız Allahın bizə etdiyi yardımı yadımıza salar və ona şahidlik edər. Bu məsələyə ağıllı tərzdə yanaşaraq mühakimə yürütsək, Allahın öz yaratdığı xilqətinə hər şeydən və hər kəsdən daha mehriban və yaxın olması bizim üçün şəksiz -şübhəsiz aydınlaşar. Allah həmin rəhmət və mehribanlığına görə xilqətin məsləhətinə uyğun tədbir görür, hikmət və məsləhət olmadan heç bir şeyin xarab olmasına və məhvinə izn vermir. İnsan Allahın yaratdığı xilqətdən (yaradılışından) biridir, insanın xoşbəxtliyi və mənafeyi onun dünya və hadisələrə gerçək gözlə baxmasını, yaxşı əməl göstərməsini, düzgün etiqada (əqidəyə), bəyənilmiş əxlaqa və yaxşı rəftara malik olmasını tələb edir. İnsan öz fitri ağlı ilə yaxşı və pisi seçərək hər şeyi öz yoluna qoya bilər. Ancaq bilmək lazımdır ki, ağıl təklikdə bütün çətinlikləri və düyünləri aça bilməz, insanı bütövlükdə gerçəkliyi tam aydın görməyə və yaxşı əmələ yönəldə bilməz. Çünki insan cəmiyyətində müşahidə edilən bu qədər xoşagəlməz sifətlər və pis işlər məhz ağıl və şüur sahibi olan insanlardan baş verir. Deməli, ağıl nəfsin tələbi ilə öz həvayi-nəfsinə və mənfəətinə uyaraq insaniyyət duyğularını nəfsə qurban verir. Bu və başqa səbəblərə görə Allah-Təala insanları öz nəfsinin əmrinə baş əyməyən başqa yol və vasitələrlə idarə etməli olur. İnsanları xəta və səhvlərdən çəkindirən, onları gerçək insani səadətə qovuşduran bu yol nədən ibarətdir? Bu yeganə yol peyğəmbərlik yoludur. Peyğəmbərlər Bizim ağılımızın dərin mühakimə və hökmünə əsasən bəşərin doğru yola yönəlməsi üçün onun üzərinə peyğəmbərlik qapısı açılmalıdır. Həmin yol doğrudan da bəşərin üzünə açılmışdır. Bir sıra insanlar Allah tərəfindən göndərilmiş, onlar vasitəsilə camaat üçün etiqad və əməli rəftar qaydaları çatdırılmışdır. Peyğəmbərlər insanları doğru yola dəvət üçün gəlmişlər. Onlar öz dəvətinin düzgünlüyünü və doğruluğunu, təbliğ etdikləri dinin gerçəkliyini xalqın anladığı bir yolla sübut etmiş, öz tərbiyyə məktəbində ləyaqətli şəxsiyyətlər yetişdirmişlər. Peyğəmbərlər Allah tərəfindən xeyir və şər, səadət və bədbəxtlik yollarını xalqa ayırd edir, iman gətirənlərə savab müjdəsi verir, onları Allahın rəhmətinə ümidvar edir, zalımları və imandan boyun qaçıranları Allahın əzabı ilə qorxudur. İnsan isə bu yollardan hər birini qəbul etməkdə və seçməkdə ixtiyar sahibidir. Bir sözlə insan bu xeyir yolu seçib əməl etdikdə, ona imanlı şəxs deyirlər. Bizə aydın olur ki, ağılla xeyir və şəri bilməkdən əlavə insanlara Allah tərəfindən bəxş olunan və insan öz ixtiyarı ilə əldə edəcəyi iman gərəkdir ki, bu bildiklərini öz həyatında icra etsin. Allah-Təala insanları sadə yolla dinə, imana gəlməsi və kamilliyə çatması üçün əvvəlcə vəhy yolu ilə peyğəmbərlərə öz əmrlərini çatdırır, daha sonra peyğəmbərlər öz vəzifələrinə əməl edərək insanlara təbliğ edir və pis əməllərdən çəkindirirlər. Allah-Təala Qurani-Kərimdə buyurur: «Biz peyğəmbərləri (iman gətirənlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allah üçün bəhanə yeri qalmasın. Allah yenilməz qüdrət və hikmət sahibidir» (Nisa surəsi ayə 165) Peyğəmbərə xas sifətlər Deyilənlərin nəticəsinə görə peyğəmbərlərə xas olan aşağıdakı sifətləri ümumilləşdirmək olar: 1. Öz peyğəmbərlik vəzifəsini yerinə yetirməkdə xətadan uzaq və günahsız olur, unutqanlığa və başqa zehni xətalara yol verməzlər. Çünki peyğəmbərlər onlara vəhy olunanları düzgün qəbul etməli və səhvsiz-xətasız xalqa çatdırmalıdırlar. Belə olmasa ilahi hidayət (camaatı düz yola yönəltmək) öz hədəfinə yetişməz, ümumi hidayət qanunu etibardan düşərək insanlara təsir göstərməz. 2. Öz danışıq və rəftarında günah və yanlışlıqdan uzaq olar, çünki onda məsiyyət (günah etmə) əlaməti olarsa təbliğin təsiri olmaz. Əməli ilə sözü düz gəlməyən şəxslərə camaat qiymət verməz. İnsanın əməlini sözləri ilə ölçüb ona dəyər verərlər. Bu iki məsələni bir ifadə ilə yekunlaşdırmaq olar: peyğəmbərlərin dini təbliğin düzgün və təsirli olması üçün o özü xəta və günahlardan pak olmalıdır. 3. Əxlaqi fəzilətlər- diyanət, iffət, şücaət və ədalət kimi sifətlər bəyənilmiş sifətlər sayılır. Hər sayaq günahdan pak olan şəxs gerçək ilahi dinə tabe olmaqla heç vaxt qeyri-əxlaqi sifətlərə bulaşmaz. Deməli, peyğəmbərlər əxlaqi fəzilət sahibi olmalıdır. Peyğəmbərlər bəşər arasında Tarixdən bəllidir ki, peyğəmbərlər bəşər arasından çıxaraq insanları ilahi dinə dəvət etməyə qalxmışlar. Əksər peyğəmbərlərin həyat yolu tarixi sənədlərlə aydın təsvir və təsdiq edilməmişdir. Təkcə Həzrəti-Muhəmmədin (s) həyatı gerçək sənədlə təsdiq edilib və burada qaranlıq məqamlar yoxdur. Qurani-Kərim isə yeganə təhrif olunmamış səmavi kitabdır və İslamın ali məqsədlərini bəyan edir. Bu kitabda keçmiş peyğəmbərlərin dəvəti açıqlanır, onların hədəf və məqsədi diqqətə çatdırılır. Qalan dini kitabların hamısı təhrif edilmişdir. Qurani-Kərimdə deyilir ki, Allah tərəfindən insanlara doğru çoxlu peyğəmbərlər gəlmiş, onlar isə «birlik» sözü ilə bəşəri haqq din olan təkallahlıq dininə, yəni tovhidə dəvət etmişlər. Qurani-Kərimdə buyurulur: «(Ya Muhəmməd) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona «Allahdan başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin»- deyə vəhy etmədik (deyilməsin)». (Ənbiya surəsi ayə 25) Şəriət sahibi olan peyğəmbərlər Qurani- Kərim eyni zamanda bəyan edir ki, bütün peyğəmbərlər kitaba və şəriətə malik olmamışlar. Allah-Təala Qurani-Kərimdə belə buyurur: «(Ya Peyğəmbər) Allah «Dini qoruyub saxlayın, ona düzgün riayət edin, dində ayrılığa düşməyin»- deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə (ə), Musaya (ə) və İsaya (ə) tövsiyə etdiyini dində sizin üçün qanuni (şəriətə uyğun) etdi. Sənin dəvət etdiyin (təkallahlıq dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona doğru qayıdan kəsi də doqru yola yönəldər». (Şura surəsi ayə 18) Peyğəmbərlər arasında beş nəfər böyuk peyğəmbər sayılır ki, onlar şəriət sahibidir: 1. Həzrəti Nuh (ə) 2. Həzrəti İbrahim (ə) 3. Həzrəti Musa (ə) 4. Həzrəti İsa (ə) 5. Həzrəti Muhəmməd (s). Hər bir peyğəmbərin şəriəti özündən əvvəlki peyğəmbərin şəriətini tamamlayır. Allahın göndərilmişləri isə beş deyil, belə ki, hər ümmət üçün peyğəmbər göndərilmişdir. Allah-Təala bəşər üçün çoxlu peyğəmbərlər göndərmişdir ki, Quranda onlardan 25 nəfərin adı çəkilir. Allah-Təala Qurani Kərimdə buyurur: «Hər ümmətin bir peyğəmbəri vardır. Onlara peyğəmbər gəldiyi zaman aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz» (Yunis surəsi ayə 47). Hər peyğəmbərdən sonra gələnlər xalqı peyğəmbərlərin şəriətinə dəvət etmiş və peyğəmbərlərin göndərilməsi Həzrəti Muhəmmədə (s) qədər davam etmişdir. Nəhayət, Allah-Təala sonuncu peyğəmbər Həzrəti Muhəmmədi (s) göndərməklə bu məsələni xətm etmişdir. Allah bununla sonuncu ən mükəmməl səmavi kitabı və kamil dini qanun-qaydaları Yer üzərində insanları doğru yola yönəltmək üçün göndərdi. Bu din, bu kitab və bu şəriət qiyamətə qədər həmişə canlı qalacaqdır.
|