Ən yaxşı sədəqə odur ki, sağ əlin verdiyi sol əl bilməsin.
Ən yaxşı sədəqə ― ürəkdən deyilən sözdür. Bu dərdli ürəklərə təskinlik verənədək ürək onu təkrar etsin.
Sədəqə vermək sizin vəzifənizdir.
Sədəqə Allahın buyurduğu kimi varlılardan alınıb yoxsullara verilməlidir.
Allah yeddi nəfərə heç yerdən üzərinə kölgə salınmadığı bir gündə onları öz kölgəsində pənah verəcəkdir. Onlardan biri məhz o adam olacaq ki, verdiyi sədəqəni gizli saxlaya...
Məhəmməd Həzrətləri (s) buyurdu: "Sədəqə vermək hər bir müsəlmanın borcudur". Peyğəmbərin (s) tərəfdarları dedilər: ― Əgər heç nəyi olmasa? Həzrət (s) buyurdu: ― Əgər o şəxsin heç nəyi olmasa, gərək əlinin zəhmətilə bir şey qazansın, mənfəət əldə etsin və həmin mənfəətdən yoxsullara və fağır-füqaraya pay versin. Dedilər: ― Əgər həmin adamın özünə və özgəsinə mənfəət yetirmək üçün əlindən heç bir iş gəlmirsə, onda necə? Allahın Rəsulu buyurdu: ― Elə olduqda, onda gərək ehtiyacı olanlara və məzlumlara kömək etsin. Soruşdular: ― Əgər məzmunlara kömək edə bilməsə, onda necə? Peyğəmbər (s) buyurdu: ― Elə olduqda, onda gərək başqalarını xeyir iş görməyə rəğbətləndirsin. Soruşdular: ― Əgər edə bilməsə? Peyğəmbər (s) buyurdu: ― Onda gərək başqalarına əziyyət verməkdən çəkinsin. Bu isə ehsan və sədəqələrin ən böyüyü olar.
Peyğəmbərin əhli-beyti* bir keçinin başını kəsdikdə həzrət buyurdu: ― Heyvandan nə qalıb? Aişə dedi: ― Qabırğasından başqa nəyi vardısa, fağır-füqaraya və qonşulara paylamışıq. Rəsuli-əkrəm buyurdu: ― Qabırğa qalıbsa, deməli, keçi bütöv evdə qalıbdır...
Mələklər soruşdular: ― Ey böyük Allah, Sənin yaratdıqlarının içində sıldırım qayalarından möhkəm bir şey varmı? Allah buyurdu: ― Dəmir qayalardan möhkəmdir, çünki onu qırır. Mələklər dedilər: ― Pərvərdigara, Sənin yaratdıqlarında dəmirdən qüvvətlisi varmı? Vahid Allah buyurdu: ― Bəli, Od dəmirdən güclüdür, çünki onu əridir. Mələklər dedilər: ― Ey böyük Allah, yaratdıqlarının arasında oddan da güclüsü varmı? Allah buyurdu: ― Bəli var. Su oda qalib gəlir, onu söndürür. Mələklər soruşdular: ― Sənin xilqətində sudan da qüvvətlisi varmı? Qadiri-mütləq buyurdu: ― Bəli. Yel suya qalib gəlir, onu coşdurur və hərəkət etməyə məcbur edir. Mələklər dedilər: ― Ey mehriban bağışlayan Allah, Sənin yaratdıqlarında yeldən də güclüsü varmı? Xudavənd buyurdu: ― Bəli, sədəqə verən Adəm övladı, yəni o adamlar ki, sağ əlilə bağışladıqlarını sol əllərindən gizlədirlər. Bax, bunlar hamıya qalib gələn ən güclülərdir.
Malı az olan (yoxsul) və malını öz zəhmətilə qazananın imanı çərçivəsində özlərinə verdiyi sədəqə ehsanların ən böyüyüdür.
Yoxsullara ehsan verməyin bir mükafatı (əvəzi) varsa, qohum-əqrabaya verilən ehsanın iki mükafatı var: biri ehsan üçün, digəri isə qohumlara yardım və sədəqə üçün.
Sədəqə və ehsan birinci növbədə gərək ehtiyacı olan qohum-əqrabaya verilsin.
|