İslamdan əvvəlki dövrlərdə bir çox məşhur nümunəvi qadınlar olub. O cümlədən:
1. Hizbilin həyat yoldaşı.
2. Fironun həyat yoldaşı Asiyə.
3. Həzrət İbrahimin (ə) anası Buna.
4. Həzrət Musanın (ə) anası.
5. Həzrət Musanın (ə) bacısı.
6. Həzrət İsanın (ə) anası Məryəm.
7. Həzrət İsmayılın (ə) anası Hacər.
Biz burada İslamdan əvvəlki dövrlərdə yaşamış bir neçə nümunəvi qadının
həyatını şərh edəcək, onların nümunəvi qadın olmalarının və adlarının
əbədi qalmasının səbəbini zikr edəcəyik ki, digər qadınlar da onlardan
örnək alıb bu yolla müqavimət dərsi öyrənsinlər.
1-Dülgər Hizbilin həyat yoldaşı Fironun qarşısında
Firon tarixin böyük diktatorlarından idi. O, camaatı bütpərəstlik və
özünə pərəstişə məcbur etməklə, illərlə Misirə hakim olmuşdu. Yoxsul və
ac camaat onun zalım, haqsızlıqla dolu və sıxıntılı hakimiyyətindən
təngə gəlmişdilər. Mehriban Allah məzlum insanlara nicat vermək üçün
Musanı (ə) bəni–İsrail qövmünə göndərdi. Ancaq vəziyyət elə idi ki, hər
kəs Musaya (ə) iman gətirsəydi, ona ən ağır işgəncə və əziyyətlərlə
edam hökmü verilirdi. Bu insanlardan biri dülgər Hizbilin həyat yoldaşı
idi. O, Musaya (ə) gizlincə iman gətirir, ancaq canının qorxusundan
imanını gizlədirdi. Bu qadın camaat kimi deyildi. Aydın fikir və açıq
gözlə başa düşürdü ki, Firon camaatın Allahı deyil və bütlər də Allaha
şərik deyillər. Ruzigarın əliylə o, Fironun hərəmxanasına, onun qızının
bəzək və saç düzümü ilə məşğul olan adam kimi get-gəl edirdi. Bir gün
Fironun qızının saçını bəzəyəndə daraq əlindən yerə düşdü. Dili uca
Allahın zikrinə öyrəşdiyi üçün bilmədən dedi: "Allahın adı ilə”.
Fironun qızı ondan soruşdu: "Allah deməkdə məqsədin atam Firondur?”
O dedi: "Yox, mən elə bir kəsə sitayiş edirəm ki, sənin atanı yaradıb və onu aradan aparacaq!”
Fironun qızı həmin anda atasının yanına gedərək əhvalatı ona danışdı.
Firon narahat olub qadını hüzuruna çağırdı və qəzəblə dedi: "Sən məgər
mənim allahlığıma etiraf etmirsən?”
Qadın cavabında dedi: "Mən heç vaxt həqiqi Allahı buraxıb sənə pərəstiş etmərəm”.
Firon onun bu qətiyyətli sözündən o qədər əsəbləşdi ki, dayanmadan əmr
etdi, misdən olan təndiri odla doldurdular. Təndir qızardıqda
cəlladlara dedi: "Bu qadının uşaqlarının hamısını təndirə atın”.
Cəlladlar
qadının gözləri qabağında, onun günahsız uşaqlarını təndirə atıb
yandırdılar. Qadının uşaqları bir-bir odda yandılar, yalnız ananın
qucağında kiçik övladı qalmışdı. Təbiidir ki, ananın südəmər uşağına
məhəbbəti daha çox olar. O uşağı yanar odun alovları arasına atmaq üçün
anadan güclə aldılar və anaya dedilər: "Əgər Musanın dinindən
uzaqlaşsan, uşağını oda atmarıq”.
O digər uşaqlarına
görə səbir etmişdi. Amma bu südəmər uşağa görə qəlbi təlatümə gəldi.
İstədi ki, onları zahirdə qane etmək üçün bir söz desin. Bu zaman
Allahın qüdrətilə uşaq dilə gəldi və anasına dedi: "Səbir et, sən
haqsan!”
Ana səbir etdi. O uşağı da oda ataraq
yandırdılar. Sonra isə qadının özünü də oda atdılar. O sağ olana qədər,
çox acı işgəncələrə dözdü və düşmənin qarşısında özünü aciz göstərmək
həsrətini, onların ürəyində qoydu. Cəlladlar ana və balalarının külünü
göyə sovurdular.
İslam Peyğəmbəri (s) buyurur: "Merac
gecəsi fəzada bir yerdə burnuma çox yaxşı bir ətir qoxusu dəydi.
Cəbrayıldan (ə) soruşdum ki, bu misilsiz ətirli qoxu nədir? Cəbrayıl
(ə) cavabında dedi ki, bu ətirli qoxu, Hizbilin həyat yoldaşının və
uşaqlarının yanmış cəsədlərinin külündən gəlir. Onu bu fəzanın əhatə
etdiyi hissəsində səpiblər. Bu yaxşı ətirli qoxu qiyamət gününə kimi
yerin bu hissəsindən gələcək”.
Bəli bu, şücaətli və
qəhrəman qadının mükafatıdır. Onun əməli Allah yanında o qədər
dəyərlidir ki, pak cəsədinin gözəl ətri, İslam Peyğəmbərini (s) merac
gecəsində təəccübləndirib və buyurub: "İndiyə kimi burnuma belə bir
yaxşı və ətirli qoxu dəyməyib”.
2-Fironun həyat yoldaşı Asiyə
Ağır və acı hadisələr müqabilində qəhrəmancasına dözüb səbir edən
qadınlardan biri də Fironun həyat yoldaşı, Məzahimin qızı Həzrət
Asiyədir. Allah-təala Qurani-Məciddə bu qadını mömin şəxslər üçün məsəl
çəkir və onun örnək kimi yad edir. "Təhrim” surəsinin 11-ci ayəsində
buyurulur: "Allah iman gətirənlərə Fironun zövcəsini məsəl çəkir. Bir
zaman o: "Ey Rəbbim! Mənim üçün Cənnətdə bir ev tik. Məni Firondan və
onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et” demişdi”.
Bu qadın Fironun həyat yoldaşı olaraq sarayda, ləl-cəvahirat və
bər-bəzək içində yaşasa da, heç vaxt bunlara aldanmadı. Xəlvətdə Musaya
(ə) və Allaha iman gətirdi. Musanı (ə) uşaqlıq dövründə sudan götürdü
və onu doğma anadan da yaxşı himayə etdi, heç vaxt qoymadı ki, ona bir
zərər dəysin. Bu imanlı qadının o qədər dərin düşüncəsi və
uzaqgörənliyi var idi ki, rəvayətlərə əsasən bir göz qırpımı qədərincə
İlahi vəhyə kafir olmadı. O, Allahpərəst bir partizan kimi imkanı olan
qədər Musaya (ə) kömək edir və Firona, onun əqidəsinə zərbə vururdu.
Hizbilin uşaqlarının və həyat yoldaşının ürəkyandırıcı hadisəsi baş
verəndə Asiyə daha fəryadlarını boğazında boğmadı, ağzına sükut möhürü
vura bilmədi. Fironun qarşısında durub qətiyyətlə dedi: "Ey Firon! Nə
vaxta qədər qəflət yuxusunda qalacaq və Allahın həqiqi bəndələrini
yandıracaqsan?”
Firon dedi: "Mənim allahlığıma sən də şəkk edirsənmi?”
Asiyə dedi: "Mənim sənin allahlığına etiqadım var idi ki, bu gün də
şəkk edəm? Mən Musanı (ə) Nil çayından götürdüyüm gündən onun
peyğəmbərliyinə etiqadlı olmuşam. Buna görə də bacardığım qədər onu
qorudum”.
Firon Asiyənin ağır cavabından elə narahat oldu
ki, qəzəblə qışqırdı: "Ey Asiyə! Səni elə öldürəcəm ki, indiyə kimi heç
kəsi belə öldürməmişəm”.
Fironun əmri ilə Asiyanı yerə
uzadıb əl-ayağını dörd mıxa bağladılar və sinəsinə böyük daş parçası
qoydular. Belə bir vəziyyətdə ona dedi: "Ey Asiyə! Musanın Allahına de
ki, səni bu işgəncələrdən qurtarsın”.
Asiyə işgəncə
altında çox narahat idi. Bu xəbər Musaya (ə) çatdı. Musa (ə) Allaha ərz
etdi: "Ya Rəbbim! Asiyə üçün can verməyi asanlaşdır”.
Quranın ("Təhrim” surəsi, ayə 11) buyurduğuna əsasən, Asiyə deyirdi:
"Ey Rəbbim! Mənim üçün Cənnətdə bir ev tik. Məni Firondan və onun zalım
qövmündən xilas et”.
Allah Asiyənin məqamını onu göstərdi
və ruhunu gücləndirdi. O, behişt nemətlərindən yeyir və içirdi. Asiyə
bunları gördükdən sonra sevindi və göz yaşı təbəssümə döndü. Firon
təəccüblə dedi: "Həyat yoldaşım dəli olub. O belə bir vəziyyətdə gülür
və boş yerə özünü ölümə verib!”
Asiyə dedi: "And olsun Allaha! Dəli olmamışam. Əksinə, öz yerimi Cənnətdə görürəm”.
O, elə həmin halda Allahının görüşünə tələsdi və şəhid oldu. Asiyəyə
qızmar günəş altında işgəncə veriləndə, mələklər sıraya düzülüb günəşin
qabağında duraraq ona kölgə saldılar. O, Cənnətin ən yaxşı qadınları və
tarixin dörd ən yaxşı nümunəvi, yəni Asiyə, Məryəm (ə), Xədicə (ə) və
Fatimə (ə) kimi xanımlarından birinə çevrildi.
Bəzi hədis
kitablarına əsasən, Asiyə dünyada ən pis insanın həyat yoldaşı idi. O,
fədakarlığı və səbirli olması nəticəsində elə bir məqama çatdı ki,
axirətdə ən yaxşı insanın həyat yoldaşı olacaq.
Bu, dözümlü, səbirli, fədakar, dini himayə edən və Allah yolunun yolçusu olan qadının mükafatı idi.
3-4-Musanın (ə) anası və bacısı
Ən çətin hadisələrin qarşısında davam gətirən və müqavimət göstərən
qadınlardan biri də Musanın (ə) anası "Yukabed” və bacısı "Kəlsəmə”
(yaxud Kəlimə) idi.
Firon rejiminin cəlladları əmr
etmişdilər ki, dünyaya gələn bütün oğlan uşaqlarını öldürsünlər. Çünki
münəccimlərin dediyinə görə, həmin ildə Fironun taxt-tacını aradan
aparacaq bir oğlan uşağı dünyaya gələcəkdi. Buna görə də onlar
istəyirdilər ki, həmin uşağı öldürməklə bunun qarşısını alsınlar.
Gizlin məmurlar, mamaçalar hər yerdə hazır olub, hər yeri yoxlayaraq
nəzarət altında saxlayırdılar. Əgər bir uşaq dünyaya gəlsəydi onu
öldürürdilər. On minlərlə günahsız uşaqlar öldürüldülər. Hər bir evdən
Bəni İsrail qadınlarının naləsi və ağlamaq səsləri gəlirdi. Qəm-qüssə
az yaşlı uşaqların da ölümünə səbəb olurdu. İş o yerə çatdı ki,
qibtilərin (Fironun tərəfdarlarının) rəisi Fironun yanına gəlib, ondan
bu barədə fikrinin dəyişməsini istədi. Firon əmr etdi ki, bir il
uşaqları öldürsünlər, bir il isə əl saxlasınlar. Musanın (ə) qardaşı
Harun həmin uşaqların öldürülmədiyi ildə dünyaya gəldi. Bəni İsrailə
şamil olmuş İlahi lütf və qeybdən gələn yardımlar, Musanın (ə) anasının
hamiləliyinin bilinməməsinə kömək oldu. Hətta Musanın (ə) anasının
sorağına gəlmiş həkim onu müayinə edərkən onda hamiləliyin
əsər-əlamətini görmədi. Musa (ə) dünyaya gəldiyi zaman, onun anasına
kömək etmək üçün gəlmiş həkim qadın Musanın (ə) alnındakı nuru gördükdə
onun məhəbbəti qəlbinə düşdü və bu barədə heç kəsə bir söz demədi.
Beləcə, Musa (ə) dünyaya gəldi. Onun anası və bacısı belə bir böhranlı
və qorxulu vəziyyətdə Musanı (ə) himayə etdilər və gözlərinin nurunu
ölməyə qoymadılar. Ancaq həmin böhranlı vəziyyət hələ də aradan
getməmişdi. Hər an onu öldürmək təhlükəsi var idi. Ana övladının nicat
tapması barəsində fikirləşirdi. Allah Musanın (ə) anasına: "Musanı
əmizdir, öldürülməsi təhlükəsini hiss etsən onu dəryaya (Nil çayına) at
və narahat olma! Biz onu sənə qaytaracaq və peyğəmbərlərdən edəcəyik” –
deyə buyurdu. Ana, dülgər Hizbilin yanına gedib ona dedi: "Bir sandıq
düzəlt”.
Dülgər sandığı düzəltdi. Ana sandığı ehtiyatla
evə apardı. Uşağını sandığa qoyub Nil çayının yanına gəldi və onu suya
buraxdı. Firon və həyat yoldaşı bu zaman Nil çayının kənarında idilər.
Birdən suda üzən sandığı gördülər. Firon həyat yoldaşına dedi: "O
sandığı götür və bura gətir”.
Asiyə sandığı sudan
götürdü və qapısını açdıqda orada gözəl bir uşaq gördü. Allah həmin
anda Musanın (ə) məhəbbətini Asiyənin qəlbinə saldı. Firon uşağı
görəndə bərk qəzəblənərək dedi: "Necə ola bilər ki, hər yer nəzarət
altında ola-ola bu uşaq əldən çıxıb və onu öldürməyiblər?”
Asiyə
dedi: "Bu uşaq bir yaşındadır. Sən də əmr etmisən ki, bu ilki uşaqları
öldürsünlər. Qoy bu uşaq bizim üçün qalıb gözümüzün işığı olsun. Onu
öldürmə, bəlkə bizə xeyri dəydi. Onu övladlığa götürək”.
Anası isə
Musanın (ə) fikrində idi. Qızı, Musanın (ə) Kəlsəmə adlı bacısına dedi
ki, sandığın dalınca gedib, əhvalatı ona xəbər versin. Bacısı çətin
vəziyyətdə qardaşının dalınca gedərək onun Fironun evində olduğunu
öyrəndi. Naməlum halda özünü oraya çatdırdı. Gördü ki, qadınlar sarayda
Musanı (ə) əmizdirmək üçün toplaşıblar, ancaq o heç kəsin südünü qəbul
etmir. Musanın (ə) bacısı onlara dedi: "Əgər istəsəniz, mən sizə bu
uşağı əmizdirə bilən bir ananı tanıtdıraram”.
Axırda
Allahın lütfü sayəsində, bacının köməyi ilə uşağı anasının yanına
gətirdilər. Musa (ə) anasının iyin hiss etdikdən sonra, südünü əmib,
isti ana qucağında yuxuya getdi.
Yazırlar ki, Firon ananı hüzuruna çağırıb ona dedi: "Nə üçün bu uşaq təkcə sənin südünü qəbul edir?”
Ana cavabında dedi: "Çünki məndən yaxşı ətir qoxusu gəlir və südüm də
dadlıdır. Buna görə də hər bir uşaq mənim südümü götürür”.
Firon onun bu sözünə inandı və daha bu barədə maraqlanmadı.
5-İbrahim Xəlilin (ə) anası
Həzrət Musanın (ə) qeyd olunan macərasına oxşar bir hadisə Həzrət
İbrahimin (ə) "Buna” və yaxud "Nuna” adlı anasının da başına gəldi.
Nəmrudun gördüyü yuxuya əsasən və ya kahinlərin verdiyi xəbərə görə, o,
gələcəkdə bu il doğulacaq uşağın əliylə həlak olacaqdı. Buna görə də o,
çoxlu oğlan uşaqlarını öldürərək bir çox evləri matəmə qərq etdi.
Bəzilərinin nəql etdiyinə görə o, yetmiş yeddi mindən yüz minə qədər
uşaq öldürdü.
İbrahimin (ə) cəsur anası belə bir ağır və böhranlı vəziyyətdə,
misilsiz şücaətlə özünü Nəmrudun casuslarından gizlətdi və doğum
zamanı, adət olmaq bəhanəsi ilə (o zaman adət olmuş qadınların şəhərdən
çıxması bir qayda və ənənə idi) şəhərdən çıxdı və çöllükdəki dağda
mağara tapdı. Mağaraya girdi və İbrahim (ə) elə orada dünyaya gəldi. Bu
yorulmaz ana 13 il casusların gözündən uzaq, bəzən sübh çağları və
bəzən də gecə yarısı özünü mağaraya çatdırararaq oğluyla görüşərdi.
Qeybdən İlahi yardımlar onun köməyinə gələrdi. O, Allahla idi, Allah da
ona kömək edərdi. Nəhayət o, on üç ildən sonra İbrahimi (ə) xüsusi bir
yolla şəhərə gətirdi. İbrahim (ə) yavaş-yavaş bütpərəstlərlə mübarizəyə
başladı. O hər gün mübarizəsini gücləndirirdi.