İSLAMDAN ƏVVƏLKİ DÖVRLƏRDƏ QƏHRƏMANLIQLAR GÖSTƏRMİŞ NÜMUNƏVİ QADINLAR
Ardi... İslamdan əvvəlki dövrlərdə bir çox məşhur nümunəvi qadınlar olub. O cümlədən: 1. Hizbilin həyat yoldaşı. 2. Fironun həyat yoldaşı Asiyə. 3. Həzrət İbrahimin (ə) anası Buna. 4. Həzrət Musanın (ə) anası. 5. Həzrət Musanın (ə) bacısı. 6. Həzrət İsanın (ə) anası Məryəm. 7. Həzrət İsmayılın (ə) anası Hacər. Biz
burada İslamdan əvvəlki dövrlərdə yaşamış bir neçə nümunəvi qadının
həyatını şərh edəcək, onların nümunəvi qadın olmalarının və adlarının
əbədi qalmasının səbəbini zikr edəcəyik ki, digər qadınlar da onlardan
örnək alıb bu yolla müqavimət dərsi öyrənsinlər.
6-İsmayılın (ə) anası Hacər
Əvvəllər kəniz olmuş Hacər, Həzrət İbrahim Xəlilin (ə) həyat yoldaşı
oldu. O, bir neçə dəfə çox ağır və acı hadisələrlə rastlaşdı. Onlardan
biri də bu idi ki, Allah İbrahimə (ə) oğlu İsmayılı Məkkənin susuz və
yandırıcı çöllüyündəki uca dağların yanında qoymağı əmr etdi. Hacər bu
ağır işi, Allahın və Peyğəmbərinin (ə) istəyinə əməl etmək üçün qəbul
etdi. Uzun müddət uşağıyla tək-tənha, uca Əbu Qubeys dağının kənarında
yaşadı. Ora elə bir yer idi ki, ilk dəfə uşağı susayanda su tapılmadı.
Hərçənd ki, sonralar yerdən Zəmzəm bulağı qaynadı və onlar bu sudan
istifadə etdilər. Hacər uşağıyla birlikdə mehriban ərindən uzaqda özünü
bütün çətinliklərə öyrəşdirdi. İsmayıl boy-buxunlu cavan oğlan olanda,
İbrahim (ə) bəzi vaxtlar onların görüşünə gələrdi. O, Allahın fərmanı
və İsmayılın köməyi ilə Kəbə evini tikdi. Amma bu ev, allahpərəstlik
tarixində bu ailənin özündən sonra yadigar qoyduğu axırıncı ev deyildi.
Onları tezliklə böyük bir imtahan gözləyirdi; ata-ana öz qoçaq övladı
İsmayılı Allah yolunda, Onun razılığı üçün qurban kəsməli idi. Ata və
oğul, Hacəri analıq məhəbbətinə xatir bu əhvalatdan xəbərdar etmədilər.
Qəlbən Allaha təslim olduqlarına xatir, Allahın əmrini yerinə yetirmək
üçün evdən çıxdılar. Hacər bu əvhalatdan xəbərdar oldu. Əgər o adi bir
qadın olsaydı, çox narahat olardı. Çünki, qəlbinin bir parçası, ömrünün
səmərəsi olan İsmayılı qurban kəsirdilər. Şeytan qoca kişi cildində
gəlib əhvalatı ona söyləyəndə o, cavabında: "Heç bir ata oğlunun başını
kəsməz” dedi. Şeytan: "İbrahim (ə) deyir ki, Allah buyurub”. O
zaman bu ixlaslı qadın dedi: "Mənim və İsmayılın min canı da olsa,
Allaha fəda olsun. Ey kaş min oğlum olaydı, hamısını Allah yolunda
qurban verəydim”. Sonra əlinə bir neçə daş götürüb, şeytana tərəf ataraq onu özündən qovdu. Şeytan Hacərdən məyus olub yolunu itirdi. 7-İmranın qızı Məryəm
İmranın qızı Məryəm İslamdan qabaqkı dönəmin digər nümunəvi və kamil
qadınlardandı. Allah onu da Quranda Asiyə kimi möminlər üçün məsəl
çəkir, örnək kimi qeyd edir və buyurur: "Məryəm ismətli və namuslu bir
qız idi. Biz Cəbrayıl vasitəsi ilə ona üfürdük (və o Həzrət İsaya (ə)
hamilə oldu). O, tövhidi, peyğəmbərləri, səma kitablarını təsdiq etdi
və Allah dərgahında daim ibadət və itaət edənlərdən oldu”.
Bir gün Peyğəmbər (s) mehriban həyat yoldaşı Xədicənin (s) yanına
gəldi. Gördü ki, Xədicə hamiləlik ağrısından əziyyət çəkib qıvrılır.
Həzrət (s) buyurdu: "Mən də sənin əziyyət çəkməyinə görə narahatam.
Ancaq Allah əziyyətdə çoxlu xeyir qərar veribdir. Sakit bir yerə
gedəndə, mənim salamımı o qadınlara çatdır”. Xədicə dedi: "Onlar kimdir?” Peyğəmbər (s) buyurdu: "Onlar İmranın qızı Məryəm, Məzahimin qızı Asiyə və Musanın (ə) bacısı Kəlimədən ibarətdirlər”. Xədicə (s) rahat oldu və ərz etdi: "Bəh-bəh, nə yaxşı insanlardırlar!” Həzrət
Peyğəmbər (s) buyurdu: "Kişilərdən bir çoxları kamilliyin son həddinə
çatıblar. Ancaq qadınlardan dörd qadın kamilliyin ali dərəcəsinə çatıb:
1-Asiyə, 2-Məryəm, 3-Xədicə (s), 4-Fatimə (s)”. Həzrət
Məryəmin (s) "Hənna” (Anna) adlı anası sonsuz idi və digər qadınlar
kimi övlad sahibi olmağı arzu edirdi. O və bacısı Əşya Bəni İsrailin
adlı-sanlı qadınlarından idilər. O İmranın, bacısı isə Zəkəriyyanın
həyat yoldaşıydı. Məryəmin anası sonsuz olduğu üçün çox pərişan idi və
həmişə buna çarə axtarardı. Axırda böyük Allaha pənah apardı. Ondan
istədi və nəzir etdi ki, əgər övladı olsa, o dövrdəki adət-ənənəyə
uyğun olaraq onu ibadətgaha xidmətçi olmaq üçün Beytül-Müqəddəsə vəqf
etsin. Bu nəzir, Məryəmin (s) anasının ixlası və tövhidindən xəbər
verirdi ki, o, övladı təkcə özünün təskinlik tapması üçün istəmirdi.
Əksinə, Allah ibadətgahının xidmətçisi və Ona pərəstiş edən bir övlad
istəyirdi. Allah onun xalis niyyətlə etdiyi duasını qəbul etdi. Bundan
bir qədər sonra qadın hamilə olduğunu hiss etdi. Bir qız uşağı dünyaya
gətirdi. Onun adını Məryəm qoydular. Ana öz nəzrinə vəfalı olaraq
Məryəmi Beytül-Müqəddəsin böyüyünün yanına apararaq, onu ibadətgaha
xidmətçi kimi təqdim etdi. Məryəmin anası ərini itirdiyinə görə qəlbi
təkcə qızıyla şad olardı. O tez-tez Beytül-Müqəddəsə gedib qızından
xəbər tutar və evə qayıdardı. Beytül-Müqəddəsin böyüklərinin içərisində
hamıdan çox Məryəmin xalasının əri, yəni Həzrət Zəkəriyya (ə) Məryəmi
himayə etməyə meyilli idi. O, Məryəmi saxlamaq üçün təyin edildi.
Zəkəriyya mehriban ata kimi Məryəmi saxlamaqda və qorumaqda bütün
ehtiyatlara riayət edirdi. Bir gün Zəkəriyya Məryəmin mehrabına
yaxınlaşdıqda, onun yanında bir yemək tabağını görərək təəccübləndi.
Çünki ondan savayı heç kəs Məryəmin yanına gəlmirdi. Məryəmdən soruşdu:
"Bu fəsli çatmamış meyvələr sənin yanına haradan gəlibdir? Hərçənd ki,
qapılar bağlı olub və heç kəs bura girmirdi?” Məryəm dedi: "Bunlar mənim Allahım tərəfindəndir. Allah istədiyi şəxsə ruzi verər”.
Zəkəriyya başa düşdü ki, Allah Məryəmə uca bir məqam bəxş edərək onu
digər qadınlardan fərqləndirir. O, belə bir mənzərəni müşahidə etdikdən
sonra Allahdan istədi ki, ona da pak bir övlad əta etsin. (Çünki
Zəkəriyya görürdü ki, Məryəm özünün Allahla qurduğu xalis rabitə və
etdiyi dua sayəsində, məqamı elə bir həddə çatır ki, onun üçün behişt
meyvələri gəlirdi). Zəkəriyyanın duası qəbul oldu. Allah ona Yəhya (ə)
adlı bir oğlanı müjdə verdi. Zəkəriyya dedi: "Mən və qadınım qocalıb
əldən düşmüşük. Biz necə övlad sahibi olacağıq?” Allah ona buyurdu: "Allah belə istəyir”.
Məryəm ayaq üstə o qədər ibadət etdi ki, ayaqları şişdi. Doqquz yaşında
oruc tutmaqla, namaz qılmaqla və pərhizkarlıqla öz zamanının bütün
ibadət edənlərindən öndəydi. Çətin hadisələr qarşısında səbir və
müqavimətiylə öz zamanında birinci idi. Məryəm böyüyüb boya-başa
çatdıqda Allah ona "Ülul-əzm” peyğəmbərlərdən olan Həzrət İsa (ə) kimi
bir övlad əta etdi. Fədakarlığı, namuslu olması, pərhizkarlığı və iman
nuru onu elə bir məqama çatdırdı ki, Cəbrayıl Əmin (ə) Məryəmin yanına
gəlib, ona üfürdü və o hamilə oldu. Bu hamiləlikdən Həzrət İsa (ə)
dünyaya gəldi. Onun ali mənəvi məqamını dərk etməyə qüdrəti çatmayan
nadan camaat xoşagəlməz sözlər deyib, Məryəmi incitdilər. Allahın əmri
ilə sükut orucu tutan Məryəm bu camaatla danışmayaraq işarə etdi ki,
"beşikdəki uşaqdan soruşun”. Camaat Məryəmin sözlərini ələ
saldılar. Amma Allahın qüdrətiylə uşaq dil açaraq dedi: "Mən Allah
bəndəsiyəm. O məni peyğəmbər etdi və mənə kitab verdi. O, harada
oluramsa olum, məni xeyir və bərəkət verən etdi”. Bu
canlı möcüzə həmin qövmün dilini bağladı. Məryəm mənəvi məqamın yüksək
dərəcələrindən birinə çatmışdı. O öz ibadətgahında (Livandakı dağda)
dünyadan gedəndə, övladı Həzrət İsa (ə) nalə çəkib deyirdi: "Qürbətdə
və vəhşətdə daha mənə kim munis olacaq? Kim mənə Allahın itaətində
kömək edəcək?” Məryəm (ə) bir qız idi. Gördüyünüz kimi
imanlı bir qız himməti, isməti və çalışqanlığı nəticəsində necə də
böyük bir məqama yüksəldi. Bundan daha mühümü, onun tərbiyəsi altında
Həzrət İsa (ə) kimi bir peyğəmbər böyüyüb boya-başa çatdı. Məryəm
həmişə Allahla idi və Onun fərmanına təslim olardı. Allah-təala da
həmçinin, onu Özünün sonsuz rəhməti sayəsində saxladı və yaxşı adını da
dünyanın sonuna qədər qoruyacaq. Qurandakı surələrdən biri Məryəm
adlanıb və ona məxsusdur. Müqəddəs kitabda 34 dəfə onun adı və
fəzilətlərindən söz açılır. Bəzi rəvayətlərə əsasən
behiştin ən yaxşı qadınları dörd nəfərdi və Allah bu qadınları seçib:
1. Xədicə (s), 2. Fatimə (s), 3. Asiyə (s), 4. Məryəm (s). 8-Həzrət Əyyubun (ə) həyat yoldaşı
İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlardan biri də Həzrət
Əyyubun (ə) "Ruhmə” adlı həyat yoldaşı idi. Həzrət Əyyub (ə) həyatın ən
ağır hadisələri ilə üzləşdi. Uşaqları evin altında qalıb öldülər,
bağları yandı, bütün var-dövləti və mal-qarası tələf oldu. Axırda özü
də uzun sürən xəstəliyə tutuldu. Bunların hamısından da ağır, camaatın
ona baş çəkib təsəlli vermək əvəzində, vurduqları dil yaraları idi.
Camaat deyirdi: "Yəqin ki, günahkar olubsan, Allah da səni bu vəziyyətə
düçar edib”. Camaat ondan uzaqlaşdı. O, naçar qalıb
şəhərdən çıxaraq çöllükdə, ağır vəziyyətdə yaşamağa başladı. Ruhmə
fədakarlıq göstərərək ərinə qulluq etməyə davam etdi. Lakin axırda
yorulub əldən düşdü. Əri Əyyubla söhbət edəndə, Əyyub ona dedi: "Məndən
uzaqlaş!” O, Əyyubu tək qoyub getdi. Əyyub bu İlahi
imtahandan yaxşı çıxdıqda, Allah ona mərhəmət göstərib, əvvəlki
sağlamlığını və cavanlığını qaytardı. Ona müxtəlif nemətlər verildi.
Həyat yoldaşı, Əyyubun əmri ilə ondan uzaqlaşsa da, qəlbi əziyyətdə
olan ərindən ayrılıdığına görə döyünürdü və həmişə onun fikrində idi.
Axırda (Əyyubun əvvəlki sağlamlığının və nemətlərin ona qayıtmasından
xəbərsiz olan halda) qərara gəldi ki, onu görməyə getsin və ona xidmət
etməyi davam etdirsin. Əyyubun yaşadığı yerə çatanda, orada səfalı,
meyvəli və gül-çiçəkli bağın içində gözəl bir cavan oğlan gördü. Onu
tanımadı və təəccübləndi. Amma çox çəkmədi ki, Əyyubun işarəsi ilə
Allahın lütf və mərhəmətinin onlara şamil olmasını anladı və əlini
Əyyubun boynuna saldı. Onların hər ikisi Allaha bütün bu lütfünə və
mehribanlığına görə şükr etdilər. Allah həmin bu qadından Əyyuba saleh
bir övlad nəsib etdi. Onun və həyat yoldaşının həyatı digərləri üçün
iman, şükr, dözüm və səbir dərsi oldu. Əyyubun həyat yoldaşı Ruhmə
hərçənd ki, bir dəfə yorulub dözümsüzlük etdi, amma tez peşiman oldu və
əziyyətdə olan ərinə xidmət etməyə davam etdi. Allah-təala da bunun
müqabilində ona və ərinə çoxlu nemətlər bəxş etdi. İnsan gərək çox ağır
və çətin hadisələrdən tez yorulub və dözümsüzlük göstərməsin. Əgər belə
bir hal baş versə, nə qədər ki gec olmayıb səhvini düzəltsin. 9-10-Şuəybin qızları Şuəybin qızlarının Musa (ə) ilə rəftarları, qadınların necə fikirləşmələri və rəftar etmələri mühüm bir dərsdir. Həzrət
Musa (ə) Fironun qüdrətli vaxtında məzlumları onun və adamlarının
zülmündən müdafiə edirdi. Ancaq bir gün zalımlardan birinin zülmünün
qarşısını alanda, onun başına bir yumruq zərbəsi endirdi. Həmin zülmkar
aldığı zərbədən yerə yıxılıb öldü. Musa (ə) o cür cansıxıcı və qorxulu
mühitdə canının təhlükədə olduğunu hiss etdi. Gizlin şəkildə Misirdən
çıxdı və piyada Mədyənə tərəf yola düşdü. Musa (ə) Mədyənə yaxınlaşanda
çobanların qoyunları sulamaq üçün bir quyunun yanına gətirdiklərini
gördü. Onlar quyudan su çəkib qoyunlara verirdilər. Bu zaman Musa (ə)
iki qızın kənarda durub öz qoyunlarının quyuya yaxınlaşmasının
qarşısını aldığını müşahidə etdi. Çünki onlar öz iffətlərinin
qorunmasına, qayda-qanuna və növbəyə riayət etmək istəyirdilər. Onlar
Şueybin (ə) qızları idilər. Qəlbi həmişə imkansız və köməksiz
insanlarla olan Musa (ə) o qızlara kömək etmək qərarına gəldi.
Yaxınlaşıb dedi: "Öz qoyunlarınıza niyə su vermirsiniz?” Onlar dedilər: "Kişilərin getməsini gözləyirik və sonra biz öz qoyunlarımıza su verəcəyik”.
Musa (ə) qabı onlardan aldı və var gücü ilə tək başına quyudan su çəkib
onların qoyunlarına verdi. Sonra onlardan ayrılıb bir ağacın kölgəsi
altında oturdu. Aclıq ona qalib gəldiyi üçün Musa Allahdan kömək
istədi. Bu zaman Şueybin qızları atalarının yanına gedib əhvalatı ona
danışdılar. Şueyb dedi: "Gedin o cavanı evimizə dəvət edin”.
Qızlardan biri özünü tələsik Musaya (ə) çatdıraraq atasının dəvətini
ona bildirdi. Musa (ə) bu dəvəti qəbul etdi və yolda qıza dedi: "Sən
mənim arxamca gəl. Harada yolumdan azsam, arxadan həmin istiqamətə daş
atmaqla mənə yol göstər”. (Musanın (ə) bu sözləri onun
iffətinin qorunmasına xatir idi). Qız razı oldu. Musa evə çatanda,
Şueyb onu yaxşı qarşıladı. O qız atasına dedi: "Bu cavan oğlanı özünə
köməkçi götür. Ona görə ki, güclü, əmin (təmiz) və ədəbli bir
oğlandır”. Qız onun gücünü quyudan su çəkəndə,
paklığını və təmizliyini isə yolda görmüşdü. O, bu sözləri atasına dedi
və ata da düşüncəli qızının söylədiyi dəlilləri qəbul etdi. Hətta
Musaya (ə) qızlarından biri ilə evlənməsini təklif etdi. Musa (ə) da bu
təkliflə razılaşıb "Səfura”nın əri oldu. 11-Həlimə Sədiyyə
Peyğəmbər (s) hələ dünyaya gəlməmişdən əvvəl atası Əbdullah dünyasını
dəyişdi. İki, ya altı yaşı olmamış anası da dünyadan getdi.
Əbdül-Müttəlib Məhəmmədə (s) süd vermək üçün pak və iffətli bir qadın
axtarırdı. Çünki o həzrət (s) hər kəsin südünü qəbul etmirdi.
Əbdül-Müttəlib təsadüfən Məkkəyə süd vermək üçün uşaq axtarmağa gəlmiş
səhrada yaşayan (köçəri) bir qadını gördü. Əbdül-Müttəlib ona dedi:
"Sən kimsən?” Qadın: "Mən bəni-Səd tayfasından olan Həliməyəm”. Əbdül-Müttəlib: "Bəh-bəh! Səndə "səadət və helm” kimi əbədiyyətin və ruzgarın iki gözəl xisləti vardır”.
Onun adını yaxşı yerə yozdu və uşağın yanına apardı. Məhəmməd (s) onun
südünü götürdü. Bundan sonra qadın Məhəmmədi (s) özüylə yaşadığı yerə
aparıb ona süd verməyə başladı. Beləliklə, yenə də görürük ki,
ismətli qadın yaxşı xislətlərə malik olmaqla necə də dəyərli olur.
Əbdül-Müttəlib onu bəyənir və Məhəmmədi (s) əmizdirmək üçün bir ana
kimi onu seçir.[56] Yəni fərqi yoxdur, qadın mal-qara saxlayan köçəri
olub səhrada yaşasa da, əgər fəzilətli, əxlaqlı və yaxşı xüsusiyyətlərə
malik olarsa, Həzrət Məhəmmədin (s) ikinci anası olmaq ləyaqətini
qazanır.
|